Koronavirusun fəsadları: Xərçəng, ürək-damar xəstəlikləri və daha nələr...

image

İstanbulun Göztepe Süleyman Yalçın şəhər xəstəxanasında təcili yardıma müraciət edən, xəstəxananın müvafiq şöbələrinə, o cümlədən reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələr üzərində aparılan araşdırmaların nəticələrinə görə, infeksiya orqanizmi xərçəng və ürək xəstəliklərindən qoruyan proteinin səviyyəsini aşağı salır.

Məlum olub ki, koronavirus orqanizmi ürək-damar və xərçəng xəstəliklərindən qoruyan “LRP1” adlı müdafiə proteininin səviyyəsinin azalmasına, orqanizmin müvəqqəti də olsa toksin təsirlərə qarşı müdafiəsiz qalmasına səbəb olur. Xəstəxana İstanbulun koronaviruslu xəstələri müalicə edən ən böyük tibb mərkəzlərindən biridir.

virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 180 xəstə üzərində aparılan araşdırmanın nəticələri COVID-19 infeksiyasına yoluxanların ürək-damar və xərçəng xəstəliklərinə qarşı həssaslığı ilə bağlı tədqiqatlarda istifadə ediləcək. Səhiyyə Nazirliyi və müvafiq etika komitəsinin razılığı ilə aparılan tədqiqatlar  dünyanın ən böyük təşkilatlarından olan Amerika Ürək Dərnəyinin (American Heart Association) konqresində “Paul Dudley White International Scholar” mükafatına layiq görülüb.

Koronavirusun xərçəng və ürək xəstəlikləri ilə əlaqəsi

Xəstəxananın kardiologiya klinikasının həkimi, professor Mehmet Ağırbaşlı bildirib ki, 180 xəstənin metabolizm (bədəninizin qidanı enerjiyə çevirmək üçün istifadə etdiyi biokimyəvi proseslərin birləşməsi) məlumatlarını izləyiblər. Koronaviruslu xəstələrdə müdafiə proteininin  səviyyəsi qısa müddətdə çox aşağı düşüb.

“Müdafiə sistemi sanki sönür. Bu isə ürək və onkoloji xəstəliklərin yaranmasına təsir edir. Hazırda “koronavirusa yoluxanların xərçəng və ürək xəstəliklərinə həssaslığı artacaqmı” sualının ətrafında düşünürük. Bu məsələ çox aktualdır”, - professor deyib.


Koronavirus qısa müddətdə orqanizmi müdafiəsiz hala salır

Mehmet Ağırbaşlının sözlərinə görə, orqanizmdə müəyyən müdafiə mexanizmləri var, hansı ki, orqanizm stress anlarında bu mexanizmlərdən istifadə edir: “Xəstəxanamıza müraciət edənlər üzərində araşdırma apardıq, nəticələr heyrətamiz idi. Çünki COVİD-19 infeksiyasına yoluxmuş xəstələrdə müdafiə sisteminin çökməsi orqanizmi digər xəstəliklərə qarşı həssas edir. Xəstəliklə bağlı inkişaf edən iltihab bir çox potensial zəhərli molekulları nəzarətsiz qoyur. Xəstəlik irəlilədikcə bədən müdafiə mexanizmlərini yenidən qurmağa çalışır, lakin normallaşmır”.

Mütəxəssis qeyd edib ki, xəstələr sağalsalar da, onlarda yoluxmayanlara nisbətən gələcəkdə müxtəlif xroniki xəstəliklərə, xüsusilə də ürək-damar, xərçəngə tutulma risqi yüksək olaraq qalacaq. Yəni bədənin müdafiə sisteminin qısa müddətdə sürətlə aşağı düşməsi koronavirusun özəlliklərindən biridir. Reanimasiyada müalicə alan xəstələrdə protein səviyyəsi əvvəlki kimi normal  vəziyyətinə qayıtmır.

COVID-19 daha bir təsiri

Professor deyib ki, orqanizmin özü tərəfindən istehsal olunan, laxtalanmaya qarşı qoruyucu olan proteinlər də var. Tədqiqatlarda bu proteinlərin də azaldığının şahidi olublar: “Tədqiqatımızda LRP1 adlı molekula baxdıq. Bunun bir çox xəstəliklərdə qoruyucu olduğu məlumdur. Amma koronavirusa yoluxan xəstələrdə bu molekulun yox sayılacaq səviyyədə azaldığını müşahidə etdik”.


Mütəxəssis qeyd edib ki, dünyada təxminən yarım milyard insan koronavirusa yoluxub. İnfeksiya gələcəkdə ehtimal edildiyi kimi ürək-damar, onkoloji xəstəliklərə səbəb olacaqsa, səhiyyə sistemi yüklənəcək.

Həkim deyib ki, koronavirusun təsir göstərmədiyi orqan yoxdur. Amma araşdırmalara baxmayaraq hələ də bir çox məsələ qaranlıqdır. Buna görə də virusa yoluxmaqdan qorunmaq lazımdır: “Koronavirusa qarşı vaksin olunmaq lazımdır. Əslində, istənilən xəstəliyin müalicəsində təyin edilən dərmanların yan təsirləri var, amma biz zərərlə yanaşı faydaları da nəzərə almalıyıq”.

Türk alimlərinin gəldikləri nəticəyə görə, koronavirusu ağır keçirənlərin orqanizmində genetik dəyişikliklər baş verir və ağır xroniki xəstəliklərin yaranmasına təsir edir.

 

Ülviyyə Xuduzade

virtualaz.org


Digər xəbərlər